Baku +8°C tuesday, 17 November 2026
  • USD 1.7000 +0.0000
  • EUR 1.8707 -0.0024
  • RUB 0.0206 +0.0000
AZ EN RU
Culture

Müəllim hara, gündəm hara?

15
Müəllim hara, gündəm hara?

Müəllim hara, gündəm hara?

Müəllim şou adamı deyil! Onun hər sözü, hər hərəkəti, hər davranışı ictimai ajiotaj və müzakirə predmetinə çevrilməməlidir. Müəllim cəmiyyətin diqqət mərkəzində qalmaq üçün deyil, cəmiyyətin gələcəyini yetişdirmək üçün var.

 Son zamanlar müəllimlərin davranışı, söylədiyi fikirlər, şagirdlərlə münasibəti tez-tez gündəmə gətirilir. Bəzən bir müəllimin hərəkəti bütöv bir peşənin mühakiməsinə çevrilir, illərlə zəhmət çəkmiş minlərlə pedaqoqun əməyi bir hadisənin kölgəsində qalır. Sanki müəllim olmaq daim özünü müdafiə etmək, hər addımını ölçüb-biçmək, hər sözünə görə ictimai qınağa hazır olmaq deməkdir.

Bəs müəllim hara, gündəm hara? Müəllim şou adamı deyil ki, onun hər davranışı tamaşaya, hər sözü sensasiyaya çevrilsin. Əlbəttə, müəllim də etik normalara əməl etməli, peşə məsuliyyətini dərk etməli, şagirdin şəxsiyyətinə və hüquqlarına hörmətlə yanaşmalıdır. Lakin etik davranış tələbləri yalnız müəllimdən gözlənilən öhdəliklər toplusuna çevrilməməlidir. Təhsil mühitində məsuliyyət birtərəfli ola bilməz!

Müəllimlərin etik davranış qaydaları ilə bağlı qərarlar, məhdudiyyətlər və islahatlar müzakirə edilərkən başqa bir vacib məsələ də diqqətdən kənarda qalmamalıdır: Bəs müəllimin hüquqları necə qorunur? Hörmət anlayışını mənimsəməyən, məktəbin nizam-intizam qaydalarına əməl etməyən, müəllimin sözünü saymayan, qəsdən dərsin gedişini pozan, pedaqoqun səbrini sınağa çəkən şagirdlərlə bağlı hansı mexanizmlər mövcuddur?

Şagirdin hüquqlarını qorumaq nə qədər vacibdirsə, müəllimin hüquqlarını və ləyaqətini qorumaq da bir o qədər vacibdir. Təhsil yalnız şagirdin istək və tələbləri ətrafında qurulan bir sistem deyil. Məktəb qarşılıqlı hörmətin, məsuliyyətin, intizamın və öhdəliklərin olduğu bir mühitdir. Şagirdin hüquqları olduğu kimi, yerinə yetirməli olduğu vəzifələri də var.

Bəs belə bir şəraitdə müəllim öz pedaqoji missiyasını necə yerinə yetirməlidir? Müəllim robotdurmu? Onun səbrinin, emosiyalarının, insani hisslərinin olmadığınımı düşünürük? Müəllim səsini qaldıra bilməz, danlaya bilməz, irad bildirə bilməz, şagirdin yanlış davranışına müdaxilə edə bilməzsə, bəs nizam-intizamı necə təmin etməlidir?

Əlbəttə, müəllimin şagirdi təhqir etməsi, alçaltması, psixoloji və fiziki zorakılığa yol verməsi yolverilməzdir. Lakin tərbiyəvi iradla təhqiri, intizam tələbi ilə zorakılığı, tələbkarlıqla kobudluğu bir-birindən ayırmağı bacarmalıyıq. Hər ciddi xəbərdarlığı uşağın hüquqlarının pozulması kimi təqdim etmək düzgün yanaşma deyil. Müəllimin tələbkarlığı bəzən məhz uşağın gələcəyinə olan məsuliyyətindən irəli gəlir.

Əgər müəllimdən yüksək etik davranış tələb ediriksə, şagirddən də məktəbin daxili nizam-intizam qaydalarına əməl etməyi tələb etməliyik. Əgər müəllimin hərəkətləri qiymətləndirilirsə, şagirdin davranışları da obyektiv qiymətləndirilməlidir. Əgər müəllim üçün peşə etikası qaydaları müəyyənləşdirilirsə, şagirdlər üçün də məsuliyyət, davranış və intizam normaları real mexanizmlərlə tətbiq olunmalıdır.

Xüsusilə davamlı olaraq dərsi pozan, müəllimin qanuni tələblərinə əməl etməyən, digər şagirdlərin təhsil hüququna mane olan, aqressiv və çətin davranış nümayiş etdirən uşaqlarla bağlı konkret prosedurlar hazırlanmalıdır. Belə hallarda yalnız müəllimin səbrinə güvənmək olmaz. Məktəb psixoloqu, sinif rəhbəri, məktəb rəhbərliyi və valideyn arasında əməkdaşlıq mexanizmi işləməlidir. Təkrar pozuntuların qarşısının alınması üçün mütənasib intizam tədbirləri, davranışın korreksiyası proqramları və aydın məsuliyyət qaydaları tətbiq edilməlidir.

Bəs niyə şagird hər zaman müzakirələrin mərkəzindədir, müəllim isə yalnız tələblərin ünvanına çevrilir? Niyə islahatlar hazırlanarkən şagirdin psixoloji rahatlığı, hüquqları, maraqları ön plana çəkilir, amma müəllimin psixoloji təhlükəsizliyi, iş şəraiti, peşə nüfuzu və hüquqları eyni həssaslıqla müzakirə olunmur?

Müəllimin də hörmətə, anlayışa, təhlükəsiz iş mühitinə ehtiyacı var. Onun da ailəsi, şəxsi həyatı, yorğunluğu, emosional yükü var. Hər gün onlarla fərqli xarakterli uşaqla işləyən, onların bilik və tərbiyəsinə cavabdehlik daşıyan bir insandan qeyri-məhdud səbir gözləmək nə dərəcədə ədalətlidir? Müəllimə yalnız məsuliyyət yükləyib, onun səlahiyyət və hüquqlarını zəiflətdikdə təhsilin keyfiyyətindən necə danışa bilərik?

Daha bir təhlükəli məqam isə müəllim nüfuzunun tədricən itirilməsidir. Müəllimin sözünün keçmədiyi, onun tələbkarlığının qəbul olunmadığı, şagirdin müəllimə qarşı hörmətsiz davranışının adi hal kimi qarşılandığı cəmiyyətdə sağlam təhsil mühitindən danışmaq çətindir. Müəllimin etimadını sarsıtmağa çalışdığımız bir mühitdə uşaqlara hörmət, məsuliyyət, mənəviyyat və intizamı necə öyrədəcəyik?

Bu gün bəzi uşaqlarda böyüyə hörmət, kiçiyə qayğı, ictimai davranış mədəniyyəti ilə bağlı ciddi boşluqlar müşahidə olunur. Bu, bütün şagirdlərə aid edilə bilməz. Lakin mövcud problemləri görməzdən gəlmək də çıxış yolu deyil. Uşağın ərköyün böyüməsi, heç bir sərhəd tanımaması, hər istəyinin qeyd-şərtsiz yerinə yetirilməsi onun gələcək həyatına da mənfi təsir göstərə bilər. Məktəb bu davranışların qarşısını almaq üçün ailə ilə birlikdə məsuliyyət daşımalıdır.

Müəllimdən yalnız nəticə tələb etmək olmaz. Ona nəticə əldə etmək üçün lazımi şərait, səlahiyyət və ictimai dəstək də verilməlidir. İslahatlar hazırlanarkən pedaqoqların fikirləri dinlənilməli, məktəbin real problemləri nəzərə alınmalı, qərarlar yalnız nəzəri yanaşmalar əsasında deyil, sinif otağının reallıqları əsasında qəbul edilməlidir.

Unutmayaq ki, müəllimin nüfuzunu qorumaq onun hər zaman haqlı olduğunu iddia etmək deyil. Müəllim də səhv edə bilər və səhvinə görə məsuliyyət daşımalıdır. Ancaq müəllimin hüquqlarını müdafiə etmək, onun sözünün çəkisini və pedaqoji səlahiyyətini qorumaq da təhsil sisteminin borcudur.

Cəmiyyət müəllimə hörmət etməyi uşağa öyrətmirsə, sabah həmin uşaqdan müəllimə hörmət gözləmək nə dərəcədə məntiqlidir? Valideyn məktəbin və müəllimin nüfuzunu qorumursa, müəllimdən təkbaşına hansı tərbiyəvi möcüzəni gözləyirik?

Müəllim gündəmin sensasiyalı qəhrəmanına çevrilməməlidir. Onun adı qalmaqallarla deyil, yetişdirdiyi şagirdlərlə, verdiyi biliklə, formalaşdırdığı şəxsiyyətlərlə çəkilməlidir. Məktəb mübarizə meydanı deyil, təlim və tərbiyə ocağıdır. Bu ocaqda müəllim də, şagird də öz məsuliyyətini dərk etməlidir.

Müəllimin sözünün keçmədiyi məktəbdə intizamdan, müəllimin nüfuzunun qorunmadığı cəmiyyətdə sağlam gələcəkdən, məsuliyyətin birtərəfli olduğu təhsil sistemində isə ədalətli islahatdan danışmaq mümkün deyil.

Çünki müəllimə hörmət yalnız bir peşəyə ehtiram deyil, təhsilə, elmə, mənəviyyata və gələcəyimizə hörmətdir!

Pedaqoq: Əsmər Məmmədova

Related news