Şagirdin hüquqları var, bəs müəllimin hüquqları?!

Şagirdin hüquqları var, bəs müəllimin hüquqları?!
Son illər təhsil sistemində aparılan islahatların əsas məqsədlərindən biri şagirdyönümlü təhsil mühitinin formalaşdırılması, uşaqların hüquqlarının qorunması, onların sərbəst düşünən, təşəbbüskar şəxsiyyət kimi yetişdirilməsidir. Şübhəsiz ki, bu, müasir təhsilin vacib tələblərindəndir. Ancaq bir məqamı unutmuşuq: Şagirdin hüquqlarını qorumaq müəllimin hüquqlarını arxa plana keçirmək demək deyil!
Bu gün tez-tez şagird hüquqlarından danışılır. Bəs müəllimin hüquqları haqqında nə qədər düşünürük? Müəllimin sözünün kəsildiyi, onun nüfuzunun zədələndiyi, sinifdə nizam-intizam yaratmaq cəhdinin bəzən təzyiq və narazılıqla qarşılandığı bir mühitdə keyfiyyətli təhsildən necə danışmaq olar?
Müasir təhsil islahatlarının bəzi hallarda yanlış anlaşılması şagirdlərdə arzuolunmaz davranışların formalaşmasına da zəmin yaradır. Şagirdə öz fikrini sərbəst ifadə etmək imkanı verilməsi, onun hüquqlarının müdafiəsi heç də hər istədiyini etmək, məktəbin daxili qaydalarına tabe olmamaq, müəllimin iradəsini qəbul etməmək anlamına gəlməməlidir. Təəssüf ki, bəzi şagirdlərdə belə bir düşüncə formalaşır: «Mən şagirdəm, mənim hüquqlarım var, istədiyimi edə bilərəm, heç kim mənə qarışa bilməz!»
Belə bir yanaşma isə məktəbi təlim-tərbiyə ocağından daha çox, hər kəsin öz istəyi ilə davrandığı bir məkana çevirmək təhlükəsi yaradır. Şagird müəllimin sözünə əhəmiyyət vermir, iradını qəbul etmir, bəzən onunla mübahisə etməyi, hətta hörmətsiz davranmağı öz haqqı hesab edir. Müəllimin tələbkarlığı isə dərhal sərtlik, köhnə düşüncə və ya şagird hüquqlarının pozulması kimi təqdim olunur.
Bəs müəllimin sinifdə söz sahibi olmaq hüququ yoxdurmu? Onun dərs prosesində nizam-intizam tələb etmək, şagirdin davranışına münasibət bildirmək, məktəbin qaydalarına əməl olunmasını istəmək hüququ yoxdurmu? Müəllim də insandır. Onun da ləyaqəti, peşə nüfuzu, əməyinə hörmət olunması və təhlükəsiz iş mühitində çalışmaq hüququ var.
Müəllimdən daim səbirli olmaq, hər vəziyyətdə anlayış göstərmək, bütün davranışlara dözmək tələb olunur. Bəs müəllimin psixoloji rahatlığı, mənəvi dincliyi, peşəkar nüfuzu necə? Sinifdə onlarla şagirdin təlim-tərbiyəsinə cavabdeh olan bir insanın özünü müdafiə etmək, haqsız davranışa etiraz etmək haqqı yoxdurmu?
Burada valideynlərin məsuliyyətini də xüsusi qeyd etmək lazımdır. Uşağa yalnız hüquqlarını öyrətmək kifayət deyil. Ona məsuliyyətini, vəzifələrini, böyüyə hörmət etməyin, qaydalara əməl etməyin, başqasının əməyini qiymətləndirməyin vacibliyini də aşılamaq lazımdır. Müəllimin haqlı iradını övladına qarşı haqsızlıq kimi qəbul edən valideyn əslində uşağın tərbiyəsinə deyil, yanlış davranışının möhkəmlənməsinə xidmət etmiş olur.
Unutmayaq ki, məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı, cəmiyyətin gələcək davranış mədəniyyətinin təməlini qoyan bir mühitdir. Burada şagird yalnız fənləri deyil, qaydalara əməl etməyi, məsuliyyət daşımağı, fərqli fikirlərə hörmət etməyi və özündən əvvəl başqasının da hüquqlarının olduğunu öyrənməlidir.
Müəllim qorxu yaratmaqla deyil, nüfuzu və biliyi ilə qəbul olunmalıdır. Lakin nüfuz öz-özünə yaranmır. Onu qoruyan məktəb mühiti, valideyn dəstəyi və təhsil sisteminin ədalətli münasibəti olmalıdır.
Şagirdin hüquqları qorunmalıdır, bəli! Amma müəllimin hüquqları da eyni həssaslıqla qorunmalıdır. Təhsildə balans pozularsa, nə sağlam müəllim-şagird münasibəti, nə də keyfiyyətli təhsil mühiti formalaşa bilər.
Bir sualı cəmiyyət olaraq özümüzə verməliyik: Biz gələcəyin azad düşüncəli, hüquqlarını bilən, yoxsa heç bir məsuliyyət qəbul etmədən yalnız öz istəklərinin arxasınca gedən fərdlərini yetişdiririk?
Çünki hüquq məsuliyyətsizliyin adı deyil, azadlıq isə başqasının haqqını tapdalamaq imkanı deyil!
Şagirdin hüququ varsa, müəllimin də hüququ var! Şagirdə hörmət tələb ediriksə, müəllimə də hörmət etməyi öyrətməliyik. Unutmayaq: müəllimin nüfuzunu qorumaq təhsilin nüfuzunu qorumaqdır!
Pedaqoq: Əsmər Məmmədova



