Bakı +8°C çərşənbə axşamı, 17 noyabr 2026
  • USD 1.7000 +0.0000
  • EUR 1.8707 -0.0024
  • RUB 0.0206 +0.0000
AZ EN RU
İqtisadiyyat

ƏDV güzəşti uzadılır – çörək və ərzaq ucuzlaşacaqmı?

0
ƏDV güzəşti uzadılır – çörək və ərzaq ucuzlaşacaqmı?

ƏDV güzəşti uzadılır – çörək və ərzaq ucuzlaşacaqmı?

Vergi güzəştlərindən istehsalçı və vasitəçilər faydalanır, amma əhalinin ərzaq xərcləri yenə də artır – buğda idxalından asılılıq və yerli istehsalın azalması qiymət risklərini gücləndirir

Azərbaycanda yerli kənd təsərrüfatı məhsullarının satışı, həmçinin buğdanın idxalı və satışı, un və çörək istehsalı ilə satışının ƏDV-dən azadolma müddətinin 2029-cu ilin sonunadək uzadılması nəzərdə tutulur. Hökumətin rəsmi açıqlamasına görə, bu addım ilk növbədə ərzaq istehsalçılarının və təchizat zəncirinin vergi yükünün azaldılmasına xidmət edir. Bildirilir ki, xüsusilə buğda, un və çörək kimi strateji ərzaq məhsullarının vergi güzəştindən kənarda qalmaması ərzaq təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Belə ki, hər bir məhsulun istehsalına və idxalına çəkilən xərclər onların pərakəndə satışdakı son qiymətinə daxil edilir. Vergi yükünün az olması daxili bazarda kənd təsərrüfatı məhsullarının alınması xərcinin azalması, son nəticədə əhalinin ərzaq xərclərinin yüksəlməsinin qarşısının alınması baxımından vacibdir. Hazırda Azərbaycanda əhalinin ümumi xərclərinin 50 faizi bilavasitə ərzaq məhsullarına sərf olunur. Buna görə də yuxarıda qeyd olunan vergi güzəştlərinin iki il də saxlanması əhalinin ərzaq xərclərinin daha da artmasının qarşısını almaq baxımından əhəmiyyətlidir.

Xatırladaq ki, qeyd olunan məhsullar 2017-ci il yanvarın 1-dən ƏDV-dən azad olunub. Məqsəd 2015-ci il devalvasiyalarından sonra ölkədə 13-14 faizə çatan inflyasiyanın əhaliyə mənfi təsirlərini yumşaltmaq, strateji ərzaq məhsullarının qiymətindəki bahalaşmanın qarşısını almaq idi. Bu güzəştin xüsusilə un və çörəyin qiymətində artımın nə qədər qarşısını ala bilməsinə gəlincə, Rusiyanın Ukraynaya işğalçı hücumundan sonra başlanan qiymət artımları Azərbaycanda daha yüksək sürətlə gedib. Nəticədə 2022-ci ildə Azərbaycanda 14 faizlik inflyasiya qeydə alınıb. Həmin il ölkədə un və çörəyin qiyməti 20 faiz artıb. Yəni faktiki olaraq, güzəştdən buğda idxalçısı, un istehsalçısı və çörək satıcısı faydalanıb, amma onun tətbiqinin əsas hədəfi olan əhalinin çörəyə çəkdiyi xərc isə artıb – yəni əhali faydalanmayıb.

Bu isə o deməkdir ki, güzəşt istehsalçının və ya vasitəçinin xərcini azaldıb, istehlakçı isə bundan birbaşa fayda görməyib.

Bütün bunlara baxmayaraq, indiki məqamda kənd təsərrüfatı məhsullarının satışı, buğdanın idxalı və satışı, un və çörəyin istehsalı və satışının yenidən ƏDV-yə cəlb olunması əhali və istehsalçı üçün ciddi xərclər yarada bilər. Əvvəla, ona görə ki, buğdanın idxalı və satışı, un və çörəyin istehsalı və satışı ilə məşğul olanlar artan xərci dərhal məhsulun maya dəyərinə daxil edəcəklər. Təcrübə göstərir ki, Azərbaycanda qiymətartırıcı faktorların bazara təsiri dərhal hiss olunur, qiymətsalıcı faktorların təsiri isə əksər hallarda hiss olunmur. Bu baxımdan, hansısa şirkətin, yaxud fərdi sahibkarın məhsulun dəyərinin 18 faizinə bərabər olan vergini öz cibindən ödəyəcəyi real deyil. Bu xərc ən yaxşı halda alış qiymətini aşağı salmaq, satış qiymətini artırmaqla kənd təsərrüfatı məhsullarının istehsalçısı və istehlakçısının üzərinə qoyulacaq.

Digər tərəfdən, hökumət kənd təsərrüfatı məhsullarının istehsalını gələn ildən gəlir və mənfəət vergisinə cəlb etməyə hazırlaşır. Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, aqrar istehsalçılar gəlirlərindən verginin 90 faizindən azad olunsalar da, 10 faizini ödəməli olacaqlar. Bu isə məhsulların maya dəyərinə oturmaqla onların qiymətini artıracaq. Bunun üzərinə satış dəyərinin 18 faizi də əlavə edilsə, əhalinin ərzaq xərclərinin kəskin artımının qarşısını almaq mümkünsüz olacaq.

Nəzərə almaq lazımdır ki, cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artdığı halda, ərzaq məhsulları üzrə bu göstərici 6,7 faiz təşkil edib. Bu zaman oktyabr ayında ən az aylıq qiymət artımı – 0,1 faiz olmaqla – çörək və çörək məmulatlarında qeydə alınıb.Başqa bir məsələ Rusiya-Ukrayna müharibəsinin buğdanın dünya bazar qiymətində yaratdığı bahalaşmadır. BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının hesablamalarına əsasən, oktyabr ayında qlobal taxıl qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz yüksək olub. Azərbaycanın ərzaqlıq buğda təminatı isə bilavasitə idxal hesabına həyata keçirilir. Və bu idxaldan asılılığımız getdikcə artır. Ölkənin ərzaq balansından aydın olur ki, buğda ilə özünütəminat səviyyəsi 2020-ci ildəki 57,1 faizdən 2025-ci ildə 55,4 faizə qədər azalıb. Bu azalmanın ölkə üzrə buğda və ondan istehsal olunan məhsulların adambaşına istehlakı səviyyəsinin azaldığı bir şəraitdə qeydə alınması yeni bir çağırış formalaşdırır: Buğdaya tələbat azalır, amma onunla təminat səviyyəsi də azalır.

Rəsmi ərzaq balansına əsasən, adambaşına buğda istehlakı 2020-ci ildəki 8,7 kq-dan 2025-ci ildə 3,1 kq-a düşüb. Çovdar, arpa və sair dənlilərin daxil olduğu digər dənlilərin istehlakı isə 140 qramdan 1,6 kq-a yüksəlib.Ölkə üzrə ümumi buğda istifadəsi 5 ildə 4 milyon 477,75 min tondan 3 milyon 299 min 241 tona qədər azalıb.Adambaşına bütün növ un istehlakı hesabat dövründə 84,4 kq-dan 34,4 kq-a qədər azalıb. Adambaşına çörək istehlakı isə 128,4 kq-dan 115,7 kq-a düşüb.Bu dövrdə buğdanın yerli istehsalı 1 milyon 818 min 665 tondan 1 milyon 573 min 326 tona qədər azalıb.Buğda istehsalında azalma bu il də davam edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu il Azərbaycanda cəmi 460,5 min hektar sahədə buğda əkilib. Bu, ötən ilkindən 24 min hektar, yaxud 4,9 faiz azdır. Bu əkin sahəsinin 446 min 564,6 hektarından 1 milyon 605,3 min ton buğda yığılıb. Ötən ilin eyni dövründə 1 milyon 609,8 min ton buğda yığımı qeydə alınmışdı. Azərbaycanın 2027-ci il dövlət büdcəsi layihəsinə əsasən, hökumət buğda istehsalının gələn il 1 milyon 599,1 min ton təşkil edəcəyini gözləyir ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 10 faiz azalma deməkdir.

2028-ci ildə buğda istehsalının 1 milyon 784,4 min tona yüksələcəyi nəzərdə tutulur ki, bu da 2027-ci ilin proqnozuna nisbətən 11,5 faiz çoxdur. Hökumətin proqnozuna əsasən, 2029-cu ildə ölkədə 1 milyon 862,8 min ton, 2030-cu ildə isə 1 milyon 932 min ton buğda istehsal olunacaq. Bu proqnozlara nail olmaq üçün 22 rayonda ərzaqlıq buğda istehsalının stimullaşdırılması məqsədilə istehsalçılara müxtəlif dəstək mexanizmlərinin tətbiqi planlaşdırılır. Ötən illərin təcrübələri göstərir ki, bu cür dəstək mexanizmləri ilə istehsalda davamlı artıma nail olmaq az hallarda mümkün olur...

O vaxta qədər isə yerli istehsalın azalması fonunda idxalın həm həcmi, həm də dəyəri artır. Dövlət Gömrük Komitəsinin hesablamasına görə, yanvar-sentyabr aylarında ölkəyə 224 milyon 30 min dollar dəyərində 1 milyon 44 min 835 ton buğda idxal olunub. Bu isə o deməkdir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 18,8 faiz, miqdarı isə 18,9 faiz artıb. 2025-ci ilin 9 ayında idxal edilən buğdanın dəyəri 188 milyon 580 min dollar, miqdarı isə 878 min 669 ton olmuşdu.

İdxaldan belə asılılıq ölkənin ərzaq bazarını xarici qiymət şoklarına qarşı həssas edir. Xüsusilə idxalın, həmçinin pərakəndə satışın inhisarlaşma səviyyəsinin yüksək olması bir çox hallarda qiymətlərin real iqtisadi səbəb olmadan, yaxud səbəblərin təsir gücünə adekvat olmayaraq artmasını şərtləndirir. Eyni səbəbdən kənd təsərrüfatı istehsalçılarının istifadə etdikləri gübrə və kimyəvi preparatların dəyəri də artır, vergi və sosial ayırmalara cəlb olunmaları işçi qüvvəsinə çəkdikləri xərcləri çoxaldır. Bütün bunlarla birlikdə satılan məhsula 18 faiz ƏDV-nin tətbiqi aqrar istehsalçılar və bütövlükdə Azərbaycan əhalisi üçün ciddi xərcə çevrilə bilər.

Dünya SAKİT,

 Musavat.com 

Oxşar xəbərlər