Bakı +8°C şənbə, 14 noyabr 2026
  • USD 1.7000 +0.0000
  • EUR 1.8805 +0.0000
  • RUB 0.0205 +0.0000
AZ EN RU
İqtisadiyyat

Maaşla bağlı YENİLİK: ildə iki dəfə...

13
Maaşla bağlı YENİLİK: ildə iki dəfə...

Maaşla bağlı YENİLİK: ildə iki dəfə...

Azərbaycanda minimum əmək haqqına ildə azı bir dəfə baxılması üçün işçi qrupu yaradılıb. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, son dövrlərdə Əmək Məcəlləsinə edilmiş dəyişikliklərdən biri də minimum əməkhaqqına ildə bir dəfədən az olmayaraq baxılması mexanizminin tətbiqidir: “Bu mexanizmin tətbiqi ilə əlaqədar artıq Nazirlər Kabinetində işçi qrupu yaradılıb. Həmin işçi qrupunda aidiyyəti dövlət orqanlarının rəhbərləri və rəhbər müavinləri, eyni zamanda sosial tərəfdaşların nümayəndələri iştirak edirlər. Təbii ki, işçi qrupunda məsələyə baxılarkən həm "Yaşayış minimumu haqqında" qanunda minimum əmək haqqı ilə bağlı müəyyən edilmiş meyarlar nəzərə alınacaq, həm də hər bir tərəfin rəhbərlik etdiyi və siyasətini həyata keçirdiyi orqanların və təşkilatların xüsusiyyətləri əsas götürüləcək. Bununla da minimum əmək haqqının saatlıq məbləğinin və ümumi məbləğinin müəyyən edilməsi təmin olunacaq”.

Bəs yeni dəyişiklik insanların iqtisadi durumuna necə təsir edəcək?

İqtisadçı - alim Vüsalə Əhmədova hesab edir ki, bu dəyişiklik ilk növbədə aşağı gəlirli əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Musavat.com-a danışan iqtisadçı qeyd edib ki, minimum əməkhaqqı insanların yaşayış xərclərində baş verən dəyişikliklərdən kənarda qalmamalıdır:

“İnflyasiya, ərzaq məhsullarının, kommunal xidmətlərin, nəqliyyatın və digər gündəlik tələbat mallarının qiymətlərinin artması əhalinin real gəlirlərinə birbaşa təsir göstərir. Əgər əməkhaqqı bu dəyişikliklərə uyğunlaşdırılmırsa, nominal gəlir eyni qalsa belə, insanların alıcılıq qabiliyyəti zəifləyir. Yeni mexanizmin üstünlüyü ondan ibarətdir ki, minimum əməkhaqqının müəyyənləşdirilməsi məsələsi mütəmadi olaraq iqtisadi və sosial göstəricilər əsasında qiymətləndiriləcək”.

Onun sözlərinə görə, burada inflyasiya səviyyəsi, əmək məhsuldarlığı, orta aylıq əməkhaqqı, yaşayış minimumu, əhalinin istehlak xərcləri nəzərə alınmalıdır: “Digər mühüm məqam isə saatlıq minimum əməkhaqqının müəyyənləşdirilməsi ilə bağlıdır. Bu mexanizm natamam iş vaxtı ilə çalışanların, saat hesabı işləyənlərin və fərqli iş qrafikinə malik şəxslərin əməkhaqqının daha şəffaf və ədalətli hesablanmasına imkan yarada bilər. Dəyişiklik düzgün tətbiq olunarsa, aşağı gəlirli əhalinin gəlirlərinin qorunmasına töhfə verə bilər. Lakin islahatın real nəticəsi minimum əməkhaqqının neçə manat artırılması ilə deyil, həmin artımın insanların alıcılıq qabiliyyətinə nə dərəcədə müsbət təsir göstərməsi ilə ölçülməlidir”.

Nigar Həsənli

Musavat.com

 

Oxşar xəbərlər