Uşaqların evdən çıxıb "itməsinin" SƏBƏBLƏRİ – Psixoloqdan AÇIQLAMA

Uşaqların evdən çıxıb "itməsinin" SƏBƏBLƏRİ – Psixoloqdan AÇIQLAMA
Son günlər Azərbaycanda uşaqların itkin düşməsi ilə bağlı yayılan xəbərlər azyaşlıların təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Noyabrın 2-də Xırdalan şəhərindəki yaşayış kompleksindən çıxaraq itkin düşən 12 yaşlı Mələk İmanova noyabrın 4-də tapılıb. Bundan əvvəl də azyaşlıların itkin düşməsi ilə bağlı ayrı-ayrı məlumatlar yayılıb. Ötən il ölkədə 18 yaşadək 155 nəfər itkin düşmüş şəxs kimi qeydə alınıb. Bu ilin iyulunda Bakının Zığ qəsəbəsində 11 və 8 yaşlı bacı-qardaşın itkin düşməsi, noyabrın əvvəlində isə Xırdalanda 12 yaşlı qızın axtarışa verilməsi məsələni yenidən gündəmə gətirib. Hər iki hadisədə uşaqların tapılması ilə bağlı məlumat yayılsa da, belə halların təkrarlanması azyaşlıların təhlükəsizliyinin təmin olunması, valideyn nəzarəti və profilaktik tədbirlərin effektivliyi barədə suallar yaradır. Uşaqların itkin düşməsi hallarının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Valideynlər övladlarını mümkün təhlükələrdən qorumaq üçün nələri bilməli, məktəblər və aidiyyəti qurumlar hansı məsuliyyəti daşımalıdır?

Psixoloq Ülviyyə Murtuzova mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, uşaqların itkin düşməsi hallarını hər zaman onların psixoloji problemləri və ya valideyn məsuliyyətsizliyi ilə əlaqələndirmək düzgün deyil: “Uşağın yaşı, şüur və düşüncə səviyyəsi, sərbəstlik dərəcəsi, eləcə də ailədə aldığı tərbiyə belə hadisələrin baş verməsində mühüm rol oynayır. 6 yaşına qədər uşaqlarda şüur və təhlükəni dərk etmə qabiliyyəti tam formalaşmadığından, onların valideynlərindən uzaqlaşması və tanımadıqları yerlərə getməsi mümkündür. Əgər 6 yaşına qədər olan uşaqlardan danışırıqsa, onların itməsi, başqa yerlərə getməsi müəyyən mənada yaş xüsusiyyətləri ilə bağlıdır. Bu yaşda uşaq getdiyi yerdə anasını, atasını yenidən görə biləcəyini düşünə bilər. Lakin 6 yaşdan sonra artıq şüurun formalaşması, ətrafda baş verənləri anlama və müəyyən qədər adekvat qərarlar vermə qabiliyyəti inkişaf edir. Bu yaşdan yuxarı uşaqların itkin düşməsi bəzən onların sərbəstlik və rahatlıq axtarışı ilə bağlı ola bilər. Amma bu, mütləq şəkildə uşağın hansısa psixoloji problemi olduğu anlamına gəlmir”.
Valideyn məsuliyyətsizliyi məsələsinə gəlincə, psixoloq deyib ki, 12 yaşlı uşaq artıq şəxsiyyətinin formalaşdığı dövrdə olur: “Bu yaşda valideynin uşağı hər an izləməsini tələb edə bilmərik. Bəzən baş verən hadisələrə görə valideynlər dərhal günahlandırılır. Halbuki uşağa əvvəlki illərdə verilən tərbiyə və öyrədilən davranış qaydaları məhz belə vəziyyətlərdə özünü göstərməlidir. Biz 11-12 yaşında uşağın davranışlarını köklü şəkildə dəyişməyə çalışsaq, bu, hər zaman mümkün olmaya bilər. Uşaq harada və necə davranmalı, kimə müraciət etməli, tanımadığı insanlarla hansı məsafəni saxlamalı, kiminlə haraya gedə biləcəyini bilməlidir. Bu qaydalar təxminən 8 yaşına qədər formalaşdırılmalıdır. Çünki sonrakı dövrdə uşağın yeni məlumatları mənimsəməsi və qəbul etməsi müəyyən qədər çətinləşir. 12 yaşlı uşağı baş verən hadisəyə görə mühakimə etmək, ona “Niyə belə etdin, bunu etməməli idin” demək də düzgün yanaşma deyil. Çünki həmin yaşa qədər uşağın davranış sərhədləri və nəyin doğru, nəyin yanlış olduğu barədə təsəvvürləri artıq formalaşmış olur”.

Ülviyyə Murtuzovanın sözlərinə görə, uşağın öz istəyi ilə evdən çıxması, icazəsiz gəzməyə getməsi və ya kənar şəxslərin təsiri ilə harasa aparılması fərqli hallardır. Buna görə də hər hadisənin səbəbini araşdırmadan konkret nəticəyə gəlmək olmaz: “Uşaq sinif yoldaşları ilə hansısa yerə gedə, sonradan onlar dağılışaraq onu orada tək qoya bilərlər. Bu da mümkün ssenarilərdən biridir. Tam sərbəst böyüməyən, qapalı mühitdə və ya əsasən dayənin təsiri altında böyüyən uşaqlar isə belə vəziyyətlərdə çətinlik çəkə bilərlər. Onlar müstəqil qərar verməkdə və gözlənilməz situasiyalarda düzgün davranmaqda çətinlik yaşaya bilərlər.
Ona görə də hər belə hadisəni uşağın psixoloji problemi və ya valideynin məsuliyyətsizliyi kimi qiymətləndirmək olmaz. Bəzən valideyn uşağa evdən çıxmağa icazə verir, lakin uşaq həmin yaş dövrünün xüsusiyyətləri, sərbəstlik və macəra axtarışı səbəbindən fərqli qərar qəbul edə bilər. Xüsusilə keçid dövrünün ilkin mərhələsində bu cür davranışlara rast gəlinir. Valideynlərin vəzifəsi uşağa təxminən 7-8 yaşına qədər haraya, kimlərlə gedə biləcəyini, evdən çıxarkən mütləq valideynə məlumat verməli olduğunu, hansı hallarda icazə almalı, hansı hallarda isə qətiyyən tanımadığı şəxslərlə getməməli olduğunu öyrətməkdir. Bu qaydalar uşağa aydın şəkildə aşılanarsa, təhlükəli vəziyyətlərin qarşısını almaq ehtimalı artar. Bununla yanaşı, uşaqların itkin düşməsi hallarının arxasında oğurluq, insan alveri, orqan mafiyası, aldadılma və müxtəlif zorakılıq formaları da dayana bilər. Uşaqlar macəra və ya başqa vədlərlə aldadılaraq istismara məruz qala bilərlər. Belə hallarda nə uşağı, nə də valideyni günahlandırmaq olar. Çünki zor tətbiqi və kənar şəxslərin müdaxiləsi də mümkündür. Hadisənin əsl səbəbi araşdırılmadan onun kökündə nəyin dayandığını söyləmək doğru deyil”.
Afaq Mirayiq,
Musavat.com

