Bakı +17°C şənbə, 7 noyabr 2026
  • USD 1.7000 +0.0000
  • EUR 1.9037 +0.0000
  • RUB 0.0208 +0.0000
AZ EN RU
Sosial

Uşağın doğulmasına görə 1500 manat, bəs sonra- sosioloqdan TƏKLİFLƏR

2
Uşağın doğulmasına görə 1500 manat, bəs sonra- sosioloqdan TƏKLİFLƏR

Uşağın doğulmasına görə 1500 manat, bəs sonra- sosioloqdan TƏKLİFLƏR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Təklifin reallaşacağı təqdirdə, uşağın doğulmasına görə verilən birdəfəlik müavinət 900 manat artırılacaq.

Qeyd edək ki, son illər Azərbaycanda demoqrafik vəziyyət, doğum səviyyəsinin aşağı düşməsi və əhalinin təbii artım tempinin zəifləməsi məsələləri aktuallığını qoruyur. Belə bir şəraitdə uşağın doğulmasına görə birdəfəlik müavinətin artırılması ailələrə dövlət dəstəyinin gücləndirilməsi baxımından mühüm addım hesab olunur. Bununla belə, demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün yalnız birdəfəlik ödənişlərin artırılması kifayət edirmi? Çoxuşaqlı ailələrin stimullaşdırılması, gənclərin məşğulluğu və mənzil təminatı istiqamətində hansı əlavə tədbirlərə ehtiyac var?

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Musavat.com-a danışıb. Sosioloq bildirib ki, nəzərdə tutulan müavinət artımı Azərbaycanda bir neçə ildir müşahidə olunan demoqrafik ləngimənin aradan qaldırılması istiqamətində zəruri addımdır. Lakin problemin həlli üçün əlavə sosial və iqtisadi mexanizmlərin də tətbiqinə ehtiyac var:“Nəzərdə tutulan tədbirləri hesab edirəm ki, Azərbaycanda artıq bir neçə ildir müşahidə olunan demoqrafik ləngimə prosesinin aradan qaldırılması istiqamətində zəruri addım kimi qiymətləndirmək olar. Düzdür, bu tədbirlər kifayət deyil, problemin həlli üçün əlavə addımlara da ehtiyac olacaq.

Yaxşı olardı ki, uşaqlar üçün nəzərdə tutulan sosial müavinətlər, o cümlədən əvvəllər mövcud olmuş uşaq müavinətləri də bərpa edilsin. Məsələn, ABŞ-da 2026–2028-ci illəri əhatə edən transfer proqramı nəzərdə tutulur. Bu proqram çərçivəsində yeni doğulan uşağın adına hesab açılır və həmin hesaba müəyyən məbləğdə vəsait yerləşdirilir. Bu pul depozit və ya qiymətli kağızlar bazarına yönəldilir və gələcəkdə uşaq həmin vəsaitdən istifadə etmək imkanı əldə edir. Bundan başqa, çoxuşaqlı ailələrə beşinci uşaqdan sonra birdəfəlik ödəniş verilməsi ilə bağlı parlamentdə müzakirələr aparılır. Hesab edirəm ki, bu təşəbbüs də reallaşdırılmalıdır. Belə bir mexanizm ailələrə gələcək xərclərini planlaşdırmağa və daha çox uşaq sahibi olmaq qərarını verməyə imkan yarada bilər. Çoxuşaqlı ailələrin əlavə üstünlüklərə malik olması da vacibdir.

Eyni zamanda, sosial müavinətlərin tətbiqinin genişləndirilməsi də bu prosesə dəstək verə bilər. Bəzi ölkələrdə doğuşla bağlı bütün xərclərin tamamilə dövlət tərəfindən qarşılanması demoqrafik stimullaşdırma tədbiri kimi tətbiq olunur. Uşaq qidalarına və uşaqlar üçün nəzərdə tutulan digər zəruri məhsullara güzəştlərin tətbiqi də məqsədəuyğun olardı”.

Üzeyir Şəfiyev yeni qurulan ailələrə dövlət dəstəyinin artırılmasını da vacib hesab edir:“Yeni qurulan ailələrə dəstək məsələsinə xüsusi diqqət yetirilməlidir. Məsələn, Türkiyədə 2023-cü ildə ailələrə dəstək proqramı çərçivəsində aztəminatlı ailələrin toy və digər müvafiq xərclərinin bələdiyyələr və dövlət qurumları tərəfindən qarşılanması kimi təşəbbüslər həyata keçirilib. Bu tip addımların Azərbaycanda da tətbiqi müsbət nəticə verə bilər. Bununla yanaşı, gənclərin məşğulluğu məsələsinə diqqət daha da artırılmalıdır. Çünki ölkədə ümumi işsizlik səviyyəsi 5,2 faiz olduğu halda, gənclər arasında bu göstərici 8,4 faizdir. Gənclərin mənzil təminatı da demoqrafik siyasətin mühüm istiqamətlərindən biri olmalıdır. Azərbaycanda güzəştli mənzil fondu mövcuddur. Yaxşı olardı ki, bu imkanlardan yararlana biləcək gənclərin və gənc ailələrin kateqoriyaları genişləndirilsin. İndiyədək müəyyən kateqoriyadan olan gənclər və ailələr bu imkandan yararlana bilirlər. Əhatə dairəsinin genişləndirilməsi daha çox gəncin mənzil sahibi olmasına şərait yaradardı”.

Sosioloq regionlardan paytaxta və digər böyük şəhərlərə gənclərin axınının da demoqrafik vəziyyətə mənfi təsir göstərdiyini vurğulayıb. O hesab edir ki, regionlarda gənclərin və gənc ailələrin məskunlaşmasını təşviq etmək üçün torpaq sahələrinin ayrılması, eləcə də güzəştli maliyyə mexanizmlərinin tətbiqi məqsədəuyğun olardı: “Bu, gənclərin öz doğma bölgələrində ailə qurmasına və yaşamasına stimul yarada bilər. Ailəli gənclər üçün digər güzəştlərin tətbiqi də nəzərdən keçirilməlidir.

Hesab edirəm ki, sadaladığımız tədbirlər demoqrafik inkişafı təşviq edən həvəsləndirici mexanizmlər kimi tətbiq oluna bilər. Eyni zamanda, sizin də vurğuladığınız kimi, büdcədə nəzərdə tutulan müvafiq sosial müavinətlərin məbləğinin artırılması da mühüm əhəmiyyət daşıyır. Bütün bu addımlar demoqrafik stimullaşdırma vasitəsi kimi əhalinin təbii artım tempində müşahidə olunan ləngimənin aradan qaldırılmasına müəyyən dərəcədə töhfə verə bilər”.

Xalidə Gəray

Musavat.com

Oxşar xəbərlər