Saat hesabı maaş gəlir: Xeyri, zərəri... - AÇIQLAMA

Saat hesabı maaş gəlir: Xeyri, zərəri... - AÇIQLAMA
Azərbaycanda əməkhaqqının hesablanması sistemində yenilik gözlənilir. Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, müəyyən hallarda aylıq deyil, saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq.

Bəs bu yenilik işçilərin gəlirlərinə necə təsir edəcək? Saat hesabı maaş almaq sərfəli olacaqmı? Bu dəyişiklik əməkhaqlarının artmasına səbəb ola bilərmi?
Musavat.com xəbər verir ki, təklifə əsasən, siyahısı müvafiq qurum tərəfindən müəyyən ediləcək iqtisadi fəaliyyət sahələrində bir aydan az müddətə əmək müqaviləsi bağlandıqda, eləcə də həftəlik iş vaxtı 20 saat və ya daha az müəyyən edildikdə saatlıq əməkhaqqı tətbiq ediləcək. Büdcədən maliyyələşən müəssisələrdə isə saatlıq ödəniş əməyin ödənilməsi sistemində nəzərdə tutulduğu halda mümkün olacaq. Eyni zamanda, işçinin hər iş saatı üçün aldığı əməkhaqqı minimum saatlıq əməkhaqqından aşağı ola bilməyəcək.
İqtisadçı Xalid Kərimli Musavat.com-a bildirib ki, bu dəyişiklik əmək bazarında ciddi maaş artımına səbəb olmayacaq. Onun sözlərinə görə, əsas məqsəd əmək münasibətlərini daha çevik tənzimləmək və natamam iş vaxtı ilə çalışanların hüquqlarını qorumaqdır.

“Minimum aylıq əməkhaqqını aydakı orta iş saatlarının sayına bölərək minimum saatlıq əməkhaqqını müəyyən edəcəklər. Bununla da daha qısa müddətə əmək müqaviləsi bağlayan şəxslər üçün standartlar formalaşacaq. Məsələn, işçi 12 saat çalışırsa, onun saatlıq əməkhaqqı hesablanacaq və bu məbləğ müəyyən edilmiş minimumdan aşağı ola bilməyəcək”, – deyə iqtisadçı bildirib.
Xalid Kərimli qeyd edib ki, müasir əmək bazarında yalnız tam ştatla işləyənlər deyil, frilanserlər, qısamüddətli və natamam iş vaxtı ilə çalışanlar da kifayət qədərdir. Bu baxımdan, aylıq əməkhaqqı mexanizmi bütün əmək münasibətlərini əhatə etməkdə çətinlik yaradır.
İqtisadçının fikrincə, saatlıq sistem işəgötürənlərə daha çevik müqavilələr bağlamaq imkanı verəcək, eyni zamanda işçilərin minimum əməkhaqqı təminatını gücləndirəcək. “Bu dəyişiklik aşağı əməkhaqqı alan işçilərin hüquqlarının daha yaxşı qorunmasına xidmət edəcək. Əmək Müfəttişliyi və Dövlət Vergi Xidməti əmək müqavilələrinə nəzarəti daha effektiv həyata keçirə biləcək. Ən azı, saatlıq əməkhaqqının müəyyən edilmiş minimumdan aşağı göstərilməsinin qarşısını almaq mümkün olacaq”, – deyə Xalid Kərimli vurğulayıb.
Bəs bu yenilik maaşların artması deməkdirmi?
İqtisadçı bu suala mənfi cavab verib. O bildirib ki, minimum aylıq əməkhaqqının saatlıq sistemə keçirilməsi onun məbləğinin artırılması anlamına gəlmir.
“Bu, minimum əməkhaqqının yüksəldilməsi deyil. Hazırda minimum aylıq əməkhaqqı 400 manatdır. Yeni mexanizmdə də hesablamalar həmin məbləğ əsasında aparılacaq. Yəni söhbət insanların gəlirlərinin avtomatik artırılmasından yox, mövcud minimum standartların saatlıq iş rejiminə uyğunlaşdırılmasından gedir”, – deyə iqtisadçı bildirib.
Xalid Kərimli hesab edir ki, yeniliyin əsas üstünlüyü tam ştatda çalışmayan işçilərin əməkhaqqının daha dəqiq hesablanması və hüquqlarının qorunması olacaq. Bununla belə, tam iş vaxtı ilə çalışan və aylıq əməkhaqqı alan şəxslər üçün dəyişiklik xüsusi maliyyə üstünlüyü yaratmayacaq.
Şahanə Rəhimli
Musavat.com



