Azərbaycan XİN-in açıqlaması Türkiyədə məmnuniyyətlə qarşılandı – Hulusi Kılıç

Azərbaycan XİN-in açıqlaması Türkiyədə məmnuniyyətlə qarşılandı – Hulusi Kılıç
2026-cı il dekabrın 31-də BMT-nin hazırkı baş katibi Antoniu Quterreşin səlahiyyət müddəti başa çatacaq. Bu durumda yeni baş katibin seçilməsi ilə bağlı proses davam edir.
Musavat.com-un xəbər verdiyi kimi, rəsmi Bakı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət naziri Lana Zəki Nusseibehin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəzifəsinə namizədliyini irəli sürmək təşəbbüsünə normal yanaşmasını ortaya qoyub.
Lakin oktyabrın 31-də isə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü Azərbaycanın alqışladığını da bildirib. Açıqlamada qeyd olunub ki, namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxalq və diplomatik təcrübəsinə, qərəzsizliyinə və üzv dövlətlər arasında konsensusun formalaşdırılması bacarığına əsaslanan, BMT Nizamnaməsinin prinsip və məqsədlərinin rəhbər tutulduğu seçim prosesinin vacibliyini bir daha vurğulayırıq. Qeyd edək ki, rəsmi Bakı məhz rəsmi Ankaranın BMT rəhbərliyinə namizəd irəli sürməsindən sonra məlum bəyanatı verib və bu da təbiidir.
Maraqlıdır, Azərbaycan XİN-i tərəfindən verilən bu açıqlama Türkiyədə necə qarşılanıb?

Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri, İMZA İctimai Birliyinin Türkiyə üzrə təmsilçisi Hulusi Kılıç Musavat.com-a bildirdi ki, XİN rəsmisinin açıqlaması Türkiyədə məmnuniyyətlə qarşılanıb: “Demək, Türkiyənin namizədi Azərbaycanın da naminəzidir, biz belə görürük. Rəsmi Bakı faktiki olaraq Ankaranın namizədini dəstəklədi. Bu, Türkiyədə necə qarşılandı? Təbii ki, məmnuniyyətlə qarşılandı. Türkiyənin namizədi Azərbaycanın da namizədidir”.
Diplomat Azərbaycanın adını yanlış məsələlərlə bağlı hallandıranların əsassız yanaşmasından bəhs etdi: “Bu məsələ ilə bağlı neqativ fikirlərə yer yoxdur, məsələyə pozitiv yanaşmaq lazımdır. Cənab Prezident, Feridun Sinirlioğlunu yaxından tanıyır. Türkiyənin namizədi Azərbaycanın da namizədidir, türk dünyasının namizədidir. Biz məsələyə belə yanaşırıq. Azərbaycan 2010-cu ildə BMT Təhlükəsizlik Şurasına seçiləndə də biz birlikdə çalışdıq. Hər yerdə bir yerdəyik. Ona görə də başqalarının sözlərini gündəmə gətirməyin heç bir mənası yoxdur”.
H.Kılıç təkrtarən vurğuladı ki, bu məsələdə heç bir tərəddüd yoxdur: “Türkiyədə Azərbaycanın bu mövqeyi açıqlananda biz bunu çox böyük məmnuniyyətlə qarşıladıq. Azərbaycan bir daha qardaşlıq və həmrəyliyini nümayiş etdirdi”.
Yeri gəlmişkən, hörmətli Hulusi Kılıç Musavat.com-a onu da bildirdi ki, yaxın günlərdə Azərbaycana növbəti səfərini edəcək, İMZA İctimai Birliyinin toplantısına qatılacaq, həmçinin Zəfər Günü ilə bağlı tədbirdə iştirak edəcək.
Elşad Paşasoy,
Musavat.com



