Baku +8°C monday, 9 November 2026
  • USD 1.7000 +0.0000
  • EUR 1.9037 +0.0000
  • RUB 0.0208 +0.0000
AZ EN RU
Politics

Azərbaycan bayrağı-Cümhuriyyətdən Zəfərə: azadlıq uğrunda bir əsrlik mübarizənin simvolu

0
Azərbaycan bayrağı-Cümhuriyyətdən Zəfərə: azadlıq uğrunda bir əsrlik mübarizənin simvolu

Azərbaycan bayrağı-Cümhuriyyətdən Zəfərə: azadlıq uğrunda bir əsrlik mübarizənin simvolu

9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür. 108 il əvvəl – 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk dəfə üçrəngli bayrağımız dövlət bayrağı kimi qəbul edilərək Bakıda hökumət binası üzərində dalğalandırıldı.

Milli Məclisin deputatı Nigar Məmmədova Musavat.com-a açıqlamasında bildirib ki, bayrağımızın hər rəngində milli kimliyimizin, mənəvi dəyərlərimizin və tarixi inkişaf yolumuzun mühüm məqamları əks olunur:

“Hər üç rəng Azərbaycanın milli-mənəvi köklərinə bağlılığını, eyni zamanda ümumbəşəri dəyərlərə inteqrasiyanı nümayiş etdirir. Sovet hakimiyyəti dövründə milli dövlətçilik ideyalarının təqib olunduğu bir şəraitdə üçrəngli bayrağımız müstəqillik düşüncəsinin və milli kimliyin simvolu olaraq qorunub saxlanıldı. Təsadüfi deyil ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycanın müstəqillik tarixində müstəsna siyasi əhəmiyyətə malik qərar qəbul olundu. Belə ki, o dövrdə Ali Məclisin sədri olan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildi. Eyni zamanda, muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması barədə qərar verildi. Bu addımlar sovet ideoloji sisteminin hələ mövcud olduğu bir dövrdə milli dövlətçilik iradəsinin açıq nümayişi idi. Ulu Öndər həmin tarixi hadisəni xatırlayaraq deyirdi: “Qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır – milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq”. Ulu Öndərin bu təşəbbüsü həm Naxçıvanın siyasi həyatında, həm də Azərbaycanın müstəqillik mübarizəsində mühüm dönüş nöqtəsi oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması barədə vəsatət qaldırması milli dövlətçilik ənənələrinin bərpası istiqamətində atılmış cəsarətli siyasi addım idi. Nəticədə, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızın dövlət bayrağı kimi qəbul edilməsi barədə qərar verdi.

1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan dövləti öz tarixi dövlət rəmzlərini bərpa etdi.

1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyin qorunması və beynəlxalq mövqelərin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Bayrağımız beynəlxalq təşkilatlarda, diplomatik nümayəndəliklərdə və müxtəlif beynəlxalq tədbirlərdə dalğalanaraq Azərbaycanın müstəqil dövlət kimi dünyada tanınmasının rəmzinə çevrildi. Ulu Öndərin müəyyən etdiyi dövlətçilik strategiyası möhkəm siyasi və institusional əsaslar yaratdı. Bu siyasətin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan öz dövlətçilik qüdrətini daha da artırdı.

Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla noyabrın 9-u Dövlət Bayrağı Günü elan edildi. Bu qərar üçrəngli bayrağımıza dövlət səviyyəsində göstərilən ehtiramın və onun milli şüurumuzdakı yerinin təsdiqi idi”.

N.Məmmədova qeyd edib ki, Azərbaycan Dövlət Bayrağının müasir tariximizdəki ən böyük mənəvi və siyasi təntənəsi isə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə bağlıdır:

“2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan xalqının onilliklər ərzində daşıdığı azadlıq arzusunu gerçəkləşdirdi. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin canı və qazilərimizin fədakarlığı hesabına torpaqlarımız işğaldan azad edildi. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün ərazisində suverenliyimiz tam bərpa olundu. Bununla da Azərbaycan bayrağı dövlətimizin beynəlxalq səviyyədə tanınmış bütün ərazilərində dalğalanmaq imkanı qazandı. Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad olunmuş bütün ərazilərdə şanlı bayrağımızı ucaltdı. Bu, hərbi-siyasi qələbə olmaqla yanaşı, həm də milli dövlətçilik tariximizin bütövləşməsi, tarixi ədalətin və konstitusiya quruluşunun bərpası demək idi.

Azərbaycan Bayrağı müzəffər dövlətin bayrağı kimi xalqımızın tarixi yaddaşını, milli həmrəyliyini, azadlıq iradəsini və gələcəyə inamını özündə birləşdirən milli dəyərdir. Bayrağımızın ucalığı dövlətimizin gücünün, xalqımızın birliyinin və milli maraqlarımızın qətiyyətlə müdafiə olunmasının ifadəsidir. Ümummilli Lider Heydər Əliyevin də söylədiyi kimi, “Azərbaycan Bayrağı, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir.”

Üçrəngli bayrağımızı uca tutmaq, qorumaq və gələcək nəsillərə əmanət etmək hər bir vətəndaşın mənəvi borcudur”.

Nigar Həsənli

Musavat.com

Related news