Baku +8°C monday, 9 November 2026
  • USD 1.7000 +0.0000
  • EUR 1.9037 +0.0000
  • RUB 0.0208 +0.0000
AZ EN RU
Politics

"Bizim ailəmiz türk dünyasıdır!" – Şuşadakı görüşün yaratdığı MESAJ

0
"Bizim ailəmiz türk dünyasıdır!" – Şuşadakı görüşün yaratdığı MESAJ

"Bizim ailəmiz türk dünyasıdır!" – Şuşadakı görüşün yaratdığı MESAJ

"Qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü zamanı səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Türkiyə-Azərbaycan münasibətləri, dostluğu və qardaşlığı əbədidir, sarsılmazdır və heç kim bu münasibətləri poza bilməz".

Bu sözləri Musavat.com-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev Türkiyə-Azərbaycan münasibətlərini, iki ölkə arasındakı qardaşlığı sərvət adlandırmaqla bu əlaqələrin əhəmiyyətini bir daha vurğulayıb:

"Tarixin dərinliklərindən gələn, hər iki xalqın milli sərvəti olan bu qardaşlıq iki ölkənin rifahı, təhlükəsizliyi və gələcəyi baxımından olduqca böyük əhəmiyyət kəsb edir. Biz əslində Şuşada iki ölkə prezidentinin və onların ailələrinin timsalında vahid bir ailə gördük. Bu, Azərbaycan Prezidentinin vaxtilə ifadə etdiyi "Bizim ailəmiz türk dünyasıdır, çünki başqa ailəmiz yoxdur" fikrinin real mənzərəsi idi.

Hesab edirəm ki, Türkiyədən Azərbaycana, Azərbaycandan Qazaxıstana, Qırğızıstana, Türkmənistandan Özbəkistana qədər harada bir türk varsa, bu mənzərə onun qəlbini milli qürur və sevinc hissi ilə doldurdu. Çünki Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı təkcə iki ölkənin dostluğu və qardaşlığı deyil, bütövlükdə türk dünyasının gələcəyi, arzusu və ümididir. Ona görə də hesab edirəm ki, 8 noyabr 2026-cı ildə Şuşada yeni bir tarixi gün yaşadıq, yeni tarixi hadisəyə şahidlik etdik".

Xalidə Gəray

Musavat.com

Related news