43 MİLYON MANATLIQ TENDER: QANUN HAMININ ÜÇÜN EYNİDİRMİ, YOXSA BƏZİ ŞİRKƏTLƏR ÜÇÜN İSTİSNALAR VAR?

Azərbaycan mətbuatında dərc olunan məlumatlara və əldə etdiyim bilgilərə əsasən, dövlət büdcəsinə vergi borcu olduğu bildirilən şirkət Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən təxminən 43 milyon manatlıq dövlət tenderinin qalibi elan edilib.
Ortaya son dərəcə ciddi və cavablandırılması vacib olan suallar çıxır.
Məgər bunu dövlət satınalmalarına nəzarət edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, vergi orqanları, satınalma komissiyası və birbaşa sifarişçi qurum olan Mədəniyyət Nazirliyi görmürmü?
Əgər şirkətin dövlət qarşısında vaxtı keçmiş vergi öhdəliyi varsa, bu hal tender iştirakçısının qanunvericiliklə müəyyən edilmiş uyğunluq meyarları baxımından qiymətləndirilibmi?
Yoxsa Azərbaycanda dövlət satınalmaları ilə bağlı qanunvericiliyin tələbləri bütün sahibkarlıq subyektlərinə eyni qaydada tətbiq edilmir?
Bəzi hadisələr var ki, onlara istər məntiqlə yanaş, istərsə də qanunvericiliyin tələbləri baxımından bax, ortaya cavablandırılması vacib olan ciddi suallar çıxır.
Bu gün həmin suallardan biri Ağdam şəhərində İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisi ilə bağlı keçirilmiş təxminən 43 milyon manatlıq dövlət tenderidir.
Mətbuatda yayılan məlumatlara əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC-nin keçirdiyi tenderin qalibi “Crystal İnşaat” ASC elan edilib.
Müqavilənin dəyəri 42 milyon 980 min 647 manatdır.
Ən maraqlısı isə odur ki, mətbuatda həmin şirkətin dövlət büdcəsinə 14 min manatdan artıq vergi borcunun olduğu barədə məlumatlar da dərc edilib.
Sual olunur: Vergi borcu barədə məlumat yayılan bir şirkət hansı hüquqi əsaslarla 43 milyon manatlıq dövlət sifarişinin qalibi seçilib?
Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununun 23.3.5.1-ci maddəsi satınalma iştirakçılarının vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olmamasını tələb edir.
Bəs bu tələb həmin şirkətə münasibətdə necə yoxlanılıb? Tenderin keçirildiyi və qalibin müəyyənləşdirildiyi tarixdə şirkətin vergi öhdəlikləri hansı vəziyyətdə olub?
Əgər tenderin qiymətləndirilməsi zamanı şirkətin vaxtı keçmiş vergi borcu mövcud olubsa, onun qalib elan edilməsinə hansı hüquqi əsasla yol verilib?
Başqa vaxt kiçik və orta sahibkarlıq subyektləri ən xırda sənəd çatışmazlığına, texniki uyğunsuzluğa və ya vergi öhdəliyinə görə dövlət satınalmalarından kənarlaşdırılır.
Bəs iri şirkətlərə münasibətdə də eyni prinsipiallıq nümayiş etdirilirmi?
Məni düşündürən təkcə bu tender deyil.
Niyə Qarabağda həyata keçirilən iri dövlət layihələrində davamlı olaraq müəyyən böyük şirkətlərin adları ön plana çıxır?
Bu ölkədə başqa tikinti şirkətləri yoxdurmu?
Peşəkar mühəndis heyəti, texniki imkanları, iş təcrübəsi və maliyyə potensialı olan digər sahibkarlıq subyektlərinə niyə eyni imkanlar yaradılmasın?
Əgər bütün şirkətlər qanun qarşısında bərabərdirsə, dövlət sifarişləri uğrunda rəqabət də bərabər və şəffaf olmalıdır.
Bu tenderdə neçə şirkət iştirak edib? Digər iştirakçıların təklifləri hansı meyarlarla qiymətləndirilib? Qalib şirkət qiymətləndirmədə neçənci yeri tutub? Digər şirkətlərin təkliflərinin qəbul edilməməsinin konkret səbəbləri nə olub?
Əgər daha aşağı qiymət təklif edən şirkətlər olubsa, onların təklifləri niyə qəbul edilməyib?
Bu sualların cavabı ictimaiyyətə açıq şəkildə təqdim edilməlidir.
Dövlət tenderi kiminsə iqtisadi imkanlarını daha da böyütmək üçün deyil, dövlət vəsaitinin səmərəli xərclənməsi və sağlam rəqabətin təmin edilməsi üçün keçirilməlidir.
Burada başqa bir mühüm məsələ də var.
Hesablama Palatasının Mədəniyyət Nazirliyində və onun tabeliyindəki “Əsaslı Tikinti və Təchizat” MMC-də apardığı audit zamanı əvvəlki illərin dövlət satınalmalarında ciddi nöqsanlar aşkarlandığı barədə məlumatlar yayımlanıb.
Hətta satınalma və maliyyə intizamı ilə bağlı pozuntuların aradan qaldırılması üçün müvafiq qərarlar qəbul edilib.
Bəs əvvəlki yoxlamalardan hansı nəticələr çıxarılıb?
Nazirlikdə rəhbərlik dəyişdi. Bəs satınalmalara yanaşma, şəffaflıq və hesabatlılıq prinsipləri də dəyişdimi?
Yoxsa dövlət satınalmalarında əsas söz sahibi yenə də müəyyən iqtisadi dairələr və iri şirkətlər olaraq qalacaq?
Hansı meyar, hansı üstünlük, hansı əsas bəzi şirkətləri on milyonlarla manatlıq dövlət sifarişlərinin davamlı qalibinə çevirir?
Mən heç bir şirkətin böyük layihə qazanmasının əleyhinə deyiləm. Böyük şirkətlərin dövlət layihələrində iştirakı özlüyündə qanunsuzluq demək deyil.
Mənim etirazım dövlət satınalmalarında qanunun hamıya eyni tətbiq olunub-olunmaması ilə bağlı yaranan sualların cavabsız qalmasınadır.
Əgər bir şirkətin sənədlərində çatışmazlıq varsa, ona tətbiq olunan tələb digər şirkətə də eyni qaydada tətbiq edilməlidir.
Əgər vergi borcu satınalmada iştirak üçün maneə yaradırsa, bu maneə şirkətin böyüklüyündən, iqtisadi imkanlarından və ya kimlərə yaxın olmasından asılı olmamalıdır.
Qanun kiçik sahibkar üçün sərt, böyük şirkət üçün isə yumşaq ola bilməz!
Xüsusilə də söhbət Qarabağdan, dövlətimizin milyardlarla manat vəsait ayırdığı bərpa-quruculuq prosesindən gedirsə, ictimai nəzarət və şəffaflıq daha yüksək səviyyədə təmin edilməlidir.
Qarabağın bərpası ümummilli məsələdir. Buradakı dövlət sifarişləri də bütün sahibkarlar üçün qanuni və bərabər rəqabət imkanları əsasında əlçatan olmalıdır.
Mədəniyyət Nazirliyindən, dövlət satınalmalarına nəzarət edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən, eləcə də Dövlət Vergi Xidmətindən bu tenderin nəticələri, iştirakçıların qiymətləndirilməsi və qalib şirkətin vergi öhdəliklərinin yoxlanılması ilə bağlı ictimaiyyətə ətraflı açıqlama verilməsini gözləyirəm.
Xüsusilə aşağıdakı məsələlərə aydınlıq gətirilməlidir:
- “Crystal İnşaat” ASC-nin tenderə müraciət etdiyi və qalib elan olunduğu tarixlərdə vaxtı keçmiş vergi borcu mövcud olubmu?
- Satınalma komissiyası şirkətin qanunvericiliklə müəyyən edilmiş uyğunluq meyarlarına cavab verdiyini hansı sənədlər əsasında təsdiqləyib?
- Tenderin digər iştirakçılarının təklifləri hansı səbəblərdən qalib seçilməyib?
- Satınalma prosedurunda bütün iştirakçılara münasibətdə eyni hüquqi və texniki meyarlar tətbiq edilibmi?
- Sifarişçi qurum və nəzarət orqanları bu suallara cavab verən sənədləri ictimaiyyətə təqdim etməyə hazırdırlarmı?
43 milyon manat kiçik məbləğ deyil. Bu, dövlət büdcəsinin, nəticə etibarilə xalqın vəsaitidir.
Belə böyük məbləğdə dövlət vəsaitinin xərclənməsi ilə bağlı yaranan suallara ümumi və formal izahatlarla deyil, konkret faktlar və sənədlərlə cavab verilməlidir.
Dövlət satınalmalarında şəffaflıq təkcə qanunda yazılmış prinsip olaraq qalmamalı, hər bir tenderin nəticəsində özünü göstərməlidir.
Və sonda bir sual:
Bu ölkədə dövlət tenderlərini həqiqətən ən uyğun təklifi verən şirkətlər qazanır, yoxsa bəzi şirkətlərin qalib gəlməsi artıq adi hala çevrilib?
Məncə, bu sualın cavabını bilmək hər bir vətəndaşın haqqıdır.
Rəşad Quliyev
Compas.az Xəbər Portalının baş redaktoru

