Vergilərlə bağlı inqilabi yeniliklər

Vergilərlə bağlı inqilabi yeniliklər
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub.
Musavat.com-un məlumatına görə, Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli vergi qanunvericiliyinə ediləcək dəyişikliklərdən bəhs edərkən bildirib ki, təqdim olunan dəyişikliklər ölkəmizdə həyata keçirilən iqtisadi islahatların davamı olmaqla, vergi sisteminin müasir çağırışlara uyğun inkişafına yönəlib:
“Əsas məqsəd vergi inzibatçılığının sadələşdirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması, vergi ödəyicilərinin inzibati və maliyyə yükünün optimallaşdırılması, eyni zamanda, fiskal dayanıqlılığın təmin edilməsidir. Dəyişikliklər paketi 2027-ci ildən tətbiqi nəzərdə tutulan büdcə-fiskal çərçivə ilə uzlaşdırılıb, ölkənin sosial-iqtisadi inkişaf prioritetləri, strateji sahələrin dəstəklənməsi və investisiyaların təşviqi hədəfləri nəzərə alınmaqla hazırlanıb.
Təqdim olunan dəyişikliklərin bir hissəsi sahibkarlıq subyektləri ilə aparılan geniş müzakirələrin nəticəsi və onların irəli sürdüyü təkliflər əsasında formalaşdırılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində İqtisadi Şurada sahibkarların üzləşdiyi çətinliklərin öyrənilməsi və həlli yollarının müəyyənləşdirilməsi məqsədilə xüsusi altqrup yaradılıb. Həmin altqrupla sıx əməkdaşlıq şəraitində müxtəlif sahələri təmsil edən sahibkarlıq subyektləri və biznes assosiasiyaları ilə çoxsaylı görüşlər keçirilib, onların fəaliyyətində yaranan çətinliklər və irəli sürdükləri təkliflər ətraflı təhlil olunub”.
Xidmət rəisi qeyd edib ki, aparılan müzakirələrin nəticələri cari ilin büdcə-vergi siyasətində nəzərə alınıb:
“Ümumilikdə, hazırkı layihədə dəyişiklik təklif olunan 67 istiqamətdən 21-i məhz sahibkarlıq subyektlərinin təqdim etdiyi və tərəfimizdən məqsədəmüvafiq hesab edilmiş təkliflər əsasında formalaşdırılmışdır. Bu yanaşma vergi siyasətinin formalaşdırılmasında biznes ictimaiyyətinin iştirakının təmin edilməsinə, sahibkarların real ehtiyaclarının nəzərə alınmasına və dövlət–biznes dialoqunun konkret nəticələrə çevrilməsinə xidmət edir”.
Orxan Nəzərli bildirib ki, digər mühüm dəyişiklik ixracyönümlü fəaliyyətin stimullaşdırılması ilə bağlıdır:
“Bu istiqamətdə ixrac fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün əlavə vergi təşviqlərinin tətbiqi nəzərdə tutulur. Təklif olunan təşviqlər malların ixracını ilə yanaşı, həm də xidmətlərin ixracını əhatə etməklə, yerli sahibkarlıq subyektlərinin xarici bazarlara çıxış imkanlarının genişləndirilməsinə və ixrac potensialının artırılmasına yönəlib. Vergi öhdəlikləri müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, gecikdirilmiş günlər üçün hesablanan faiz dərəcələrinin 2 dəfə azaldılması təklif olunur. Burada həmçinin maliyyə sanksiyalarının qısa müddətdə ödənilməsini stimullaşdırmaq məqsədilə əlavə təşviq elementləri də nəzərdə tutulub”.
O qeyd edib ki, investisiya fəallığını yüksəltmək məqsədilə layihədə bir sıra sahələrə əlavə vergi güzəştləri də əksini tapıb:
“Turizm sektoru üçün bu il 2 mühüm yeniliyimiz olacaq. Sektorun vergi dəstəklənməsinin davam etdirilməsi məqsədilə regionlarda otel fəaliyyətində istifadə edilən daşınmaz əmlaklara görə əmlak vergisi üzrə güzəştinin müddətinin uzadılması nəzərdə tutulur. Həmçinin bu sektorda fəaliyyət göstərən müəssisələr üçün xarici turistlərə xidmətlər üzrə gəlir və mənfəət vergisindən azadetmənin tətbiqi təklif edilib”.
Orxan Nəzərli vurğulayıb ki, layihə 4 əsas blokdan ibarət olmaqla 67 istiqamət üzrə dəyişiklik təklifini əhatə edir:
“Layihənin əsas istiqamətləri biznes mühitinin yaxşılaşdırılması və investisiyaların təşviqi, vergitutma bazasının genişləndirilməsi, vergi nəzarəti mexanizmlərinin gücləndirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsindən ibarətdir. Biznes mühitinin yaxşılaşdırılması və investisiyaların təşviqi istiqamətində nəzərdə tutulan dəyişikliklər mikro və kiçik sahibkarlığın dəstəklənməsini, vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsinin stimullaşdırılmasını, kənd təsərrüfatında yeni vergitutma mexanizminin tətbiqini, ayrı-ayrı sektorların inkişafına yönəlmiş tədbirləri, eləcə də bir sıra vergi güzəştlərinin müddətinin uzadılmasını əhatə edir. Bu çərçivədə növbəti il üçün təklif olunan mühüm dəyişikliklərdən biri mikro və kiçik sahibkarlığın inkişafının stimullaşdırılmasına, fəaliyyətlərinin dayanıqlılığının təmin edilməsinə və uzunmüddətli böyümə imkanlarının genişləndirilməsinə yönəlib. Ən azı iki il kiçik sahibkar kimi fəaliyyət göstərən vergi ödəyicilərinə müəyyən şərtlərlə gəlir və ya mənfəət vergisi üzrə 5 illik güzəştin tətbiqi nəzərdə tutulur. Aparılmış hesablamalara əsasən, yalnız bu dəyişiklikdən təxminən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir”.
E.Paşasoy,
Musavat.com



