Баку +11°C пятница, 6 ноября 2026
  • USD 1.7000 +0.0000
  • EUR 1.9037 -0.0111
  • RUB 0.0208 +0.0000
AZ EN RU
Экономика

Kökəltmə məqsədilə idxal olunan heyvanlara vergi güzəşti ediləcək

9
Kökəltmə məqsədilə idxal olunan heyvanlara vergi güzəşti ediləcək

Kökəltmə məqsədilə idxal olunan heyvanlara vergi güzəşti ediləcək

“Azərbaycanda kənd təsərrüfatının inkişafının dəstəklənməsi məqsədilə uzun illərdir geniş vergi güzəştləri tətbiq olunur. Bu güzəştlərin sektora təsiri, əldə olunan nəticələr və onların iqtisadi səmərəliliyi Dövlət Vergi Xidməti və aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq təhlil edilir və qiymətləndirilir”.

Musavat.com-un məlumatına görə, bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.

Xidmət rəisinin sözlərinə görə, aparılmış təhlillər göstərir ki, ötən dövr ərzində kənd təsərrüfatı sektoru əhəmiyyətli inkişaf yolu keçib:

“Tətbiq olunan vergi güzəştləri bu inkişafın dəstəklənməsində, sahənin iqtisadi potensialının güclənməsində və gəlirliliyinin artmasında mühüm rol oynayıb. Əldə olunan nəticələr və sektorun mövcud inkişaf səviyyəsi kənd təsərrüfatında vergitutmaya yeni yanaşmanın tətbiqi üçün imkanların formalaşdığını göstərir. Bununla bağlı Vergi Məcəlləsinə müvafiq dəyişikliklər təklif olunur. Layihəyə əsasən, aqrar sahədə uzun illər tətbiq olunan 100%-lik tam vergi azadolması ləğv edilir və onu 2027-ci il yanvarın 1-dən 5 il müddətinə 90%-lik güzəşt mexanizmi əvəz edir. Yəni qısaca desək, istehsalçıların əldə etdiyi gəlir və ya mənfəətin yalnız 10%-i ümumi qaydada vergiyə cəlb olunacaq”.

Orxan Nəzərli deyib ki, bundan başqa, sadələşdirilmiş vergi üzrə tam vergi azadolması müəyyən edilmiş şərtlər daxilində daha 5 il müddətinə saxlanılacaq:

“Onu da qeyd edim ki, kənd təsərrüfatı güzəştlərindən istifadə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində uçota alınma və əməliyyatların vergi hesabatlarında bəyan edilməsi ilə şərtləndiriləcək. Qarşıdakı il üçün daha bir güzəşt mexanizmi təklif edilir. Bu, heyvandarlıq sektoru üzrə idxal güzəştidir. Belə ki, kökəltmə məqsədilə heyvanların idxalı 3 il müddətinə ƏDV-dən azad ediləcək”.

Elşad,

Musavat.com

Похожие новости