Yeni Ombudsmandan mediaya ilk açıqlama - ÖZƏL

Yeni Ombudsmandan mediaya ilk açıqlama - ÖZƏL
Milli Məclisin bu gün keçirilən plenar iclasında yenidən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) seçilən Səbinə Əliyeva parlamentdə and içəndən sonra Musavat.com-a özəl açıqlama verib.
Ombudsman növbəti 7 il üçün göstərilən etimada görə öncə ölkə rəhbərliyinə təşəkkürünü bildirib:
“Mənə göstərilən etimada görə cənab Prezidentə, Müzəffər Ali Baş Komandana öz dərin minnətdarlığımı bildirirəm və qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə başda Prezidentimiz olmaqla, hörmətli Mehriban xanım Əliyeva olmaqla bütün xalqımızı ürəkdən təbrik edirəm. Birinci ən böyük müvəkkil, insan hüquqları müdafiəçisi cənab Prezidentdir. Çünki uzun illər ərzində bütün fundamental hüquqları pozulmuş bir milyon azərbaycanlının hüquqlarını təmin etmiş bir rəhbərdir”.
Səbinə Əliyeva ona yenidən etimad göstərən Milli Məclisə də təşəkkür etməyi unutmayıb:
“Namizədliyimiz qanunvericiliyə əsasən, cənab Prezident tərəfindən irəli sürülür, Milli Məclis tərəfindən səs çoxluğu ilə səsvermə nəticəsində təsdiq olunur. Mən fürsətdən istifadə edərək bu etimada görə Milli Məclisin bütün deputatlarına öz minnətdarlığımı, təşəkkürümü bildirirəm. Mən çıxışımda da qeyd etdim ki, bizim Milli Məclislə uğurlu əməkdaşlığımız mövcuddur və bundan sonra da, əmin etmək istərdim ki, bu əməkdaşlıq davam etdiriləcək”.
E.Paşasoy,
Musavat.com



