Bakı +16°C çərşənbə axşamı, 3 noyabr 2026
  • USD 1.7000 +0.0000
  • EUR 1.9023 +0.0023
  • RUB 0.0209 -0.0002
AZ EN RU
Cəmiyyət

Reyslər artırıldı, sərnişinlər yenə bilet tapa bilmir: ADY-dən narazılıq

20
Reyslər artırıldı, sərnişinlər yenə bilet tapa bilmir: ADY-dən narazılıq

Reyslər artırıldı, sərnişinlər yenə bilet tapa bilmir: ADY-dən narazılıq

Azərbaycan Dəmir Yolları (ADY) noyabrın 1-dən Bakı–Tiflis–Bakı marşrutu üzrə gündəlik reyslərin sayını 4-ə çatdırıb. Qurumun məlumatına görə, bununla sərnişin yerlərinin sayı 386-dan 564-ə yüksəlib, əlavə reyslərdə standart sinif üzrə biletlərin qiyməti isə 36 manatdan başlayır. ADY yeni qrafikin həm gecə, həm də gündüz səyahət etmək, eləcə də daha aşağı büdcə ilə Gürcüstana getmək imkanı yaratdığını bildirir. Lakin reyslərin artırılması ilə bağlı açıqlama sosial şəbəkələrdə sərnişinlərin bir sıra narazılıqları ilə qarşılanıb. Vətəndaşlar xüsusilə Bakı–Tiflis istiqamətində bilet tapmaqda çətinlik çəkdiklərini, Tiflisdən Bakıya qayıtmaq üçün isə ümumiyyətlə bilet əldə edə bilmədiklərini yazırlar.

ADY-nin sosial şəbəkədəki paylaşımına münasibət bildirən vətəndaş Elmin Cəfərli köhnə vaqonların istifadəyə verilib-verilmədiyini soruşub. Qurum cavabında Bakı–Tiflis–Bakı marşrutu üzrə həm yeni tipli, həm də əvvəlki plaskart tipli vaqonlardan ibarət qatarların hərəkət etdiyini təsdiqləyib. Yeri gəlmişkən, köhnə vaqonlardan istifadə edən vətəndaşlar eyni məbləğ ödəməli olurlar. Bu da sərnişinlərin narazılığı ilə qarşılanıb.

Sərnişinlərin digər narazılığı geri dönüş biletləri ilə bağlıdır. Teymur Muradov adlı istifadəçi Tiflisdən Bakıya qayıtmaq üçün bilet məsələsini soruşub. ADY cavabında noyabrın 30-dək biletlərin satışda olduğunu, lakin Tiflis–Bakı istiqamətində tələbat yüksək olduğundan onların qısa müddətdə tükənə biləcəyini bildirib. Qurum sərnişinlərə biletlərin mövcudluğunu rəsmi sayt və mobil tətbiq vasitəsilə yoxlamağı tövsiyə edib.

Digər istifadəçi Mircəlal Seyidbəyli isə ADY-ni sərnişinləri xaricə aparmaqla yanaşı, onların geri qayıtması məsələsinə də eyni səviyyədə maraq göstərməməkdə ittiham edib. Digər bir vətəndaş isə biletlərin turizm şirkətlərində olduğunu iddia edərək, ADY-də tapa bilmədikləri biletlərin həmin şirkətlərdə 200 manata təklif edildiyini yazıb. Onun sözlərinə görə, şirkətlər biletləri qurumdan daha ucuz qiymətə əldə edib baha satırlar. Beləliklə, ADY Bakı–Tiflis–Bakı marşrutu üzrə reyslərin sayını artırdığını açıqlayır.

Bəs sərnişinlərin əsas şikayəti olan bilet çatışmazlığı niyə hələ də qalır? Reyslərin artırılması bu problemi real olaraq həll edəcəkmi? ADY-nin rəsmi satış kanallarında bilet olmadığı halda turizm şirkətlərində daha baha qiymətə bilet tapılması iddiaları araşdırılırmı? Biletlərin qeyri-rəsmi dövriyyəyə düşməsinin qarşısını alan mexanizm varmı?

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, Bakı–Tiflis marşrutu üzrə biletlərin daim qıt olacağı gözləniləndir.

Onun sözlərinə görə, buna əsas səbəblərdən biri quru sərhədlərin bağlı qalması, digər səbəb isə aviabiletlərin baha olmasıdır:

“Bu amillər sərnişinlərin dəmir yolu nəqliyyatına üz tutmasına səbəb olub. Bakı–Tiflis marşrutu üzrə bilet çatışmazlığının davam etməsi gözləniləndir. Quru sərhədlərin bağlı olması, aviabiletlərin isə daha baha başa gəlməsi sərnişinləri dəmir yolu nəqliyyatına yönəldib. Halbuki bu marşrut üzrə qatarların sərnişindaşıma imkanları tələbatı tam qarşılamaq üçün kifayət etmir. Gündəlik reyslərin sayından asılı olaraq, təxminən 400 sərnişin daşımaq imkanından söhbət gedir. Bu isə mövcud tələbatı ödəmək üçün yetərli deyil. Ona görə də biletlərin tapılmaması ilə bağlı problemin davam etməsi təəccüblü deyil”.

Turizm şirkətlərinin biletləri əvvəlcədən alaraq daha baha qiymətə satması məsələsinə gəlincə, iqtisadçı deyib ki, əgər qanunvericiliyin tələbləri pozulmursa, belə fəaliyyət özlüyündə qanunsuz hesab edilmir:

“Dünyanın bir çox ölkəsində turizm şirkətləri biletləri toplu şəkildə əldə edərək sonradan müştərilərinə satırlar. Əgər Azərbaycan Dəmir Yolları bu praktikanın qarşısını almaq istəyirsə, toplu bilet satışına məhdudiyyət tətbiq edə bilər. Lakin bunun nə dərəcədə real və məqsədəuyğun olacağı ayrıca müzakirə mövzusudur. Digər tərəfdən, son qərarlara əsasən, dəmir yolu biletlərinin satışında da aviabiletlərdə olduğu kimi sərnişinin pasport məlumatları, adı və soyadı tələb olunur. Bu səbəbdən turizm şirkətlərinin biletləri əvvəlcədən rəsmiləşdirib sonradan başqa şəxslərə satması çətin ola bilər. Ehtimal etmək olar ki, şirkətlər bir neçə yer üçün əvvəlcədən bron həyata keçirir, daha sonra həmin yerləri müştərilərinə təklif edirlər. Belə bir mexanizmin mövcud olması mümkündür”.

Qeyd edək ki, yalnız turizm şirkətləri deyil, ayrı-ayrı şəxslər tərəfindən biletlərin alınaraq baha qiymətə satıldığı deyilir. Rəsmi qiyməti 80-90 manat olan biletlərin ayrı-ayrı şəxslər tərəfindən 180-200 manata təklif edildiyi bildirilir.

ADY-nin Mətbuat xitmətindən Musavat.com-a bununla bağlı suala belə cavab verilib:

“Azərbaycan Dəmir Yolları Bakı–Tbilisi–Bakı istiqaməti üzrə heç bir turizm şirkəti ilə əməkdaşlıq etmir, hər hansı şirkətə və ya vasitəçiyə kvota ayrılmır. Biletlər hamı üçün eyni vaxtda satışa çıxarılır və satış prosesi vahid sistem üzərindən həyata keçirilir. Bütün sərnişinlərin bilet almaq hüququ eynidir.

Məlumat üçün bildirək ki, bir şəxs bir reysdə öz adına iki bilet əldə edə bilməz. Hər bir bilet bir konkret şəxsin adına rəsmiləşdirilir. Buna görə də turizm şirkəti və ya hər hansı vasitəçi gələcəkdə kimə satacağını bilmədiyi halda bir neçə bilet alıb saxlaya bilməz. Çünki qeyd etdiyimiz kimi, hər bir bilet satış anında konkret sərnişinin adına rəsmiləşdirilməlidir və sonradan başqa şəxsə ötürülməsi və ya biletlərin əvvəlcədən alınıb sonradan istənilən şəxsə satılması mümkün deyil. Yəni sistem alınmış biletin başqasının adına dəyişdirilməsinə icazə vermir. Bilet yalnız qaytarıla bilər, bu halda isə həmin bilet yenidən açıq satışa verilir. Sistemin bu cür qurulması bilet satışında sui-istifadə hallarına, xüsusilə hansısa vasitəçi şəxslər və turizm şirkətləri tərəfindən biletlərin kütləvi şəkildə alınaraq sonradan yenidən satılmasına imkan vermir.

Son günlərdə ADY-yə vətəndaşlardan bu marşrutla səfərlərə saxta biletlərin satışı ilə bağlı müraciətlər daxil olub. Bəzi turizm şirkətləri və sosial şəbəkə hesabları mövcud olmayan yerlər üzrə sərnişinlərə saxta biletlər təqdim edir. Bununla bağlı hüquq-mühafizə orqanlarına tərəfimizdən müvafiq qaydada müraciət olunur, araşdırma aparılır, sui-istifadə hallarının qarşısı mütəmadi qaydada alınır, saxtakarlıq edən şəxslər və səhifələrin müəyyən edilərək hüquqi qaydada cəzalandırılması təmin edilir”.

Afaq Mirayiq,

Musavat.com

Oxşar xəbərlər