Rəşad Quliyev yazır: Parlament xalqın səsidir, yoxsa susqunluq tribunası?

Milli Məclisin sədri Sahibə Qafarovanın millət vəkili Aqil Abbasın çıxışına verdiyi reaksiya, mənim fikrimcə, nə adekvatdır, nə də parlament müzakirələrinin mahiyyətinə uyğundur.
Əvvəla, bir məsələni aydınlaşdırmaq lazımdır: Aqil Abbas Milli Məclisdə şəxsi imtiyaz tələb etməyib. O, Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüququ məsələsini qaldırıb.
İstər millət vəkili olsun, istər partiya sədri, dövlət məmuru, sahibkar, yaxud sıravi vətəndaş — hər bir şəxsin mülkiyyət hüququ var. Heç kəs tutduğu vəzifəyə və ictimai statusuna görə bu hüquqdan məhrum edilə bilməz.
Aqil Abbasın ailəsinin Ağdamda ata-babadan qalma torpağı, evi və mülkiyyəti olub. Ermənistanın işğalı nəticəsində həmin ərazilərdə minlərlə ailənin evləri dağıdılıb, mülkiyyətləri məhv edilib, insanlar öz doğma yurdlarından didərgin salınıblar.
Bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri aparılırsa, vətəndaşların qanuni mülkiyyət hüquqlarının tanınması və təmin edilməsi məsələsi də diqqətdən kənarda qalmamalıdır.
Əgər digər vətəndaşların mülkiyyət hüquqları təmin edilirsə, Aqil Abbasın ailəsinin də qanuni mülkiyyət hüquqları eyni prinsiplərlə təmin edilməlidir.
Məsələnin başqa mühüm tərəfi də var. Mənim qənaətimcə, Aqil Abbas öz ailəsinin nümunəsində əslində daha geniş ictimai problemi gündəmə gətirib. Söhbət vaxtilə həmin ərazilərdə yaşamış, ata-baba yurdları dağıdılmış, torpaq və evlərindən məhrum olmuş minlərlə insanın mülkiyyət hüquqlarından gedir.
Belə bir məsələnin parlament tribunasından səsləndirilməsində nə qəbahət var?
Əksinə, millət vəkilinin əsas vəzifələrindən biri də vətəndaşları narahat edən məsələləri gündəmə gətirmək, onların hüquqlarının müdafiəsinə çalışmaqdır.
Burada diqqətimi çəkən digər məsələ Sahibə Qafarovanın deputatların tənqidi çıxışlarına münasibətidir.
Əvvəllər Sabir Rüstəmxanlının və digər deputatların çıxışları zamanı da parlament rəhbərliyinin sərt reaksiyaları ictimai müzakirələrə səbəb olub. Bu baxımdan sual yaranır: Niyə deputatların tənqidi fikirləri bəzən bu qədər sərt qarşılanır?
Axı Milli Məclis qanunverici hakimiyyəti həyata keçirən ali dövlət orqanıdır. Burada hökumətin, nazirliklərin, icra hakimiyyəti strukturlarının və digər dövlət qurumlarının fəaliyyəti müzakirə və tənqid oluna bilər. Bu, parlament fəaliyyətinin təbii və zəruri hissəsidir.
Milli Məclisin sədri parlamentin işini təşkil etməli, nizam-intizamı təmin etməli və deputatların qanunla müəyyən edilmiş hüquqlarına hörmət göstərməlidir. O, deputatların hər fikri ilə razılaşmağa borclu deyil. Lakin fikir ayrılığı ilə parlament qaydalarının pozulması eyni anlayış deyil.
Milli Məclisin sədri dövlət qurumlarının vəkili və ya müdafiəçisi rolunda çıxış etməməlidir. Deputat hansısa qurumun fəaliyyətini tənqid edirsə, həmin qurumun məsul şəxsləri məsələyə münasibət bildirməli, lazım gəldikdə izahat verməlidirlər.
Parlament sədrinin əsas funksiyası isə deputatla dövlət qurumu arasında siyasi və ya şəxsi mübahisənin tərəfinə çevrilmək deyil, parlamentin normal fəaliyyətini təmin etməkdir.
Azərbaycan Respublikası Konstitusiyasının 91-ci maddəsi deputatın parlamentdəki fəaliyyətinə və söylədiyi fikrə görə məsuliyyətə cəlb edilməməsinə təminat verir. Əlbəttə, bu hüquq parlamentin prosedur və etik qaydalarına riayət etmək vəzifəsini istisna etmir. Ancaq deputatın sərbəst fikir bildirməsi parlament fəaliyyətinin əsas prinsiplərindən biridir.
Mənim fikrimcə, Sahibə Qafarovanın parlament müzakirələrində deputatlara münasibəti ilə bağlı ciddi suallar var. Milli Məclisin sədri yalnız iclası idarə edən şəxs deyil, həm də parlamentdə qarşılıqlı hörmətin, siyasi dialoqun və qanunvericilik müzakirələrinin normal mühitdə aparılmasının təminatçılarından biri olmalıdır.
Deputatın vəzifəsi susmaq deyil, danışmaqdır. Vətəndaşın problemini qaldırmaqdır. Lazım gəldikdə dövlət qurumlarını tənqid etmək və onlardan cavab tələb etməkdir.
Milli Məclisin nüfuzu deputatların susdurulması ilə deyil, onların fikirlərinin sərbəst səsləndirilməsi, problemlərin açıq müzakirəsi və qanun çərçivəsində həlli ilə möhkəmlənə bilər.
Unutmamalıyıq ki, parlament xalqın problemlərinin səsləndirildiyi yerdir, həmin problemləri səsləndirən deputatların qınandığı yer deyil.



