Баку +11°C пятница, 6 ноября 2026
  • USD 1.7000 +0.0000
  • EUR 1.9037 -0.0111
  • RUB 0.0208 +0.0000
AZ EN RU
Общество

Narkotik təhlükəsinə qarşı qətiyyətli mübarizə

9
Narkotik təhlükəsinə qarşı qətiyyətli mübarizə

Narkotik təhlükəsinə qarşı qətiyyətli mübarizə

Hüquq-mühafizə orqanlarının fədakarlığı və cəmiyyətin məsuliyyəti

Narkotik vasitələrin qanunsuz dövriyyəsi müasir dövrdə ayrı-ayrı insanların sağlamlığına zərər vuran problem çərçivəsini aşaraq ictimai təhlükəsizliyə, sosial rifaha və gələcək nəsillərin sağlam inkişafına ciddi təhdid yaradır. Bu təhlükənin qarşısının alınması isə dövlətin ardıcıl siyasətini, hüquq-mühafizə orqanlarının peşəkarlığını, prokurorluq əməkdaşlarının prinsipiallığını və cəmiyyətin birgə səylərini tələb edir. Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə də məhz bu məqsədlərə xidmət edir.

İnsan sağlamlığını, iradəsini və gələcək həyatını hədəfə alan narkotik vasitələr ən ciddi sosial təhlükələrdən biridir. Onların istifadəsi orqanizmin normal fəaliyyətinə, sinir sisteminə, psixoloji vəziyyətə və insanın davranışına mənfi təsir göstərir. Xüsusilə təhlükəli məqamlardan biri narkotik asılılığının insanın həyat tərzinə və sosial münasibətlərinə təsiridir. Belə şəxslər zaman keçdikcə təhsil və əmək fəaliyyətindən uzaqlaşa, ailə münasibətlərində ciddi problemlərlə üzləşə, maddi və mənəvi çətinliklərə sürüklənə bilərlər. Nəticədə zərər yalnız narkotik istifadə edən şəxslə məhdudlaşmır, onun ailə üzvlərinə, yaxınlarına və bütövlükdə cəmiyyətə yayılır.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi isə bu sosial problemin daha təhlükəli istiqamətidir. Burada söhbət böyük gəlirlər əldə etmək məqsədilə insanların sağlamlığını və təhlükəsizliyini riskə atan cinayətkar şəbəkələrdən gedir. Belə fəaliyyətlər mütəşəkkil cinayətkarlığın genişlənməsinə, qanunsuz maliyyə dövriyyəsinə və digər hüquqazidd əməllərə zəmin yaradır.

Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə möhkəm hüquqi bazaya əsaslanır. Bu sahədə əsas normativ sənədlərdən biri 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanundur. Həmin qanun narkotik vasitələrin dövriyyəsinə nəzarətin hüquqi əsaslarını, dövlət orqanlarının səlahiyyətlərini və bu sahədə həyata keçirilən tədbirlərin qaydalarını müəyyən edir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 26-cı fəsli narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri əhatə edir. Məcəllənin 234-cü maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması, hazırlanması, daşınması, göndərilməsi və satılması cinayət məsuliyyəti yaradır. Bu əməllərin satış məqsədilə, qrup halında və xüsusilə külli miqdarda törədilməsi daha ağır hüquqi məsuliyyətə səbəb olur. Xüsusilə külli miqdarda qanunsuz dövriyyəyə görə qanunvericilikdə 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bu istiqamətdə dövlət siyasətinin növbəti mərhələsini Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təşkil edir. Proqramda hüquq-mühafizə tədbirlərinin gücləndirilməsi, müasir informasiya texnologiyalarından istifadə, profilaktika, maarifləndirmə, müalicə və reabilitasiya imkanlarının genişləndirilməsi əsas prioritetlər kimi müəyyən edilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə böyük məsuliyyət və peşəkarlıq tələb edən mürəkkəb prosesdir. Bu istiqamətdə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların qarşılıqlı fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Prokurorluq orqanları istintaq və təhqiqat prosesində qanunçuluğun təmin olunması, cinayət işlərinin hərtərəfli və obyektiv araşdırılması, qanun pozuntularının qarşısının alınması istiqamətində mühüm vəzifələr yerinə yetirirlər.

Əməliyyat tədbirlərinin uğuru yalnız narkotik vasitələrin aşkar edilərək götürülməsi ilə ölçülmür. Cinayətkar şəbəkələrin əlaqələrinin müəyyən edilməsi, onların maliyyə mənbələrinin araşdırılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və cinayətlərin məhkəmə perspektivinin təmin olunması da bu mübarizənin vacib istiqamətlərindəndir. Belə fəaliyyət hüquq-mühafizə əməkdaşlarından yüksək hazırlıq, çeviklik, diqqət və məsuliyyət tələb edir.

Açıqlanan rəsmi statistika görülən işlərin miqyasını aydın göstərir. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına əsasən, bu ilin yanvar-avqust aylarında hüquq-mühafizə orqanları tərəfindən ümumilikdə 5561 cinayət faktı aşkarlanıb. Onların 1402-si narkotik vasitələrin qanunsuz satışı, 4033-ü qanunsuz əldə edilməsi və saxlanılması, 123-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi ilə bağlı olub.

Həmin dövrdə qanunsuz dövriyyədən 6 ton 994 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə çıxarılıb. Bu maddələrin ümumi dəyəri 208 milyon 472 min manat qiymətləndirilib. Eyni zamanda, Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların iştirakı ilə 1447,5 hektar ərazidə 4 milyon 124 mindən çox yabanı narkotik tərkibli bitki müəyyən edilərək məhv olunub. Narkotik vasitələrin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsi ilə bağlı 136 faktın aşkarlanması da sərhəd və gömrük nəzarətinin, eləcə də əməliyyat-axtarış tədbirlərinin əhəmiyyətini göstərir.

Bu rəqəmlər hüquq-mühafizə orqanlarının genişmiqyaslı fəaliyyətinin və koordinasiyalı əməyinin göstəricisidir. Xüsusilə narkotik vasitələrin ölkəyə gətirilməsi və daxili şəbəkələr vasitəsilə yayılmasının qarşısının alınması istiqamətində əldə olunan nəticələr insanların sağlamlığının və ictimai təhlükəsizliyin qorunmasına xidmət edir.

Prokurorluq orqanlarının fəaliyyətində peşə hazırlığının artırılması da diqqət mərkəzindədir. Məsələn, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə prokurorluq və daxili işlər orqanlarının əməkdaşları üçün narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat-axtarış tədbirlərinin və istintaq hərəkətlərinin xüsusiyyətlərinə dair seminar məşğələlər keçirilir. Bu cür təlimlər əməkdaşların nəzəri biliklərinin təkmilləşdirilməsinə, istintaq təcrübəsinin zənginləşdirilməsinə və qurumlararası əməkdaşlığın gücləndirilməsinə imkan yaradır.

Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, narkotik vasitələrin yaratdığı fəsadların izah edilməsi, riskli davranışların vaxtında müəyyənləşdirilməsi profilaktik işin əsasını təşkil etməlidir. Gənclərə narkotik vasitələrin hüquqi nəticələri ilə yanaşı, onların sağlamlığa, təhsilə, gələcək karyeraya və ailə həyatına təsiri də aydın şəkildə çatdırılmalıdır.

Bununla yanaşı, narkotik asılılığından əziyyət çəkən insanların müalicəsi və sosial reabilitasiyası da diqqətdən kənarda qalmamalıdır. Onların cəmiyyətə yenidən inteqrasiyası, əmək fəaliyyətinə qayıtması və sağlam həyat tərzinin formalaşdırılması profilaktik siyasətin ayrılmaz hissəsidir. Narkotik asılılığına tibbi və sosial problem kimi yanaşmaq, müalicəyə ehtiyacı olan insanlara dəstək göstərmək də cəmiyyətin sağlamlaşdırılması baxımından vacibdir.

Nəticə etibarilə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davamlı, çoxşaxəli və birgə səylər tələb edən strateji vəzifədir. Hüquq-mühafizə orqanlarının qətiyyətli fəaliyyəti, prokurorluğun qanunçuluğun təmin olunmasındakı rolu, sərhəd və gömrük nəzarətinin gücləndirilməsi, eləcə də maarifləndirmə tədbirləri bu mübarizənin əsas dayaqlarını təşkil edir. Əldə olunan nəticələrin davamlılığı isə dövlət qurumları ilə yanaşı, ailələrin, təhsil müəssisələrinin, medianın və hər bir vətəndaşın məsuliyyətli mövqeyindən asılıdır. Çünki sağlam cəmiyyətin qorunması, gənc nəslin gələcəyinin təmin edilməsi və narkotik təhlükəsindən uzaq mühitin yaradılması ümumi məqsədimizdir.

Nurlana Bayramlı,

Siyəzən rayon prokurorunun böyük köməkçisi

Похожие новости